BAKI, 2 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani Suriya ilə bağlı Ankarada bir araya gələcək. Sputnik Azərbaycan "Ahaber"ə istinadla xəbər verir ki, aprelin 4-də keçiriləcək "Suriya sammiti" ərəfəsində Rusiya prezidenti Vladimir Putin sabah Ankaraya yola düşəcək.
Türkiyə və Rusiyanın dövlət başçılarının təkbətək görüşündən sonra iki ölkə nümayəndə heyətləri arasında Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Türkiyə ilə Rusiya arasındakı münasibətlərin müzakirə olunacağı toplantıda Suriyadakı son vəziyyət də masaya yatırılacaq.
Bununla yanaşı, sabah Mersində Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi olacaq. Əldə edilən məlumata görə, Ərdoğan və Putin təməlqoyma mərasiminin keçiriləcəyi Mersinə getməyəcəklər. Onlar mərasimə Ankaradakı Prezident Sarayından telekörpü vasitəsilə qatılacaqlar.
Aprelin 4-də isə İran prezidenti Həsən Ruhani Ankarada olacaq. Həmin gün Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərfəli zirvə toplantısı keçiriləcək. Dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Eyni gündə Ərdoğan və Ruhaninin ikitərəfli görüş keçirməsi də nəzərdə tutulur.