BAKI, 28 mart — Sputnik. Tanınmış müğənni Emin Ağalarov Rusiyanın Kemerovo şəhərində yerləşən əyləncə mərkəzində baş vermiş yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Emin Ağalarov sosial şəbəkədəki profilində məlumat paylaşıb.
Müğənni bildirib ki, Rusiyanın beş şəhərində verdiyi konsertdən əldə etdiyi 5 milyon rubl (150 min manata yaxın — red.) gəliri faciə qurbanlarının ailələrinə yardım olaraq göndərib. O, hətta faciəyə görə Tümendə keçiriləcək konsertini də təxirə saldığını diqqətə çatdırıb.
"Kemerovoda baş vermiş dəhşətli faciəyə biganə qala bilməzdim. Ona görə də yanğından sonra köməyə ehtiyacı olan ailələriə yardım etmək qərarına gəldim. Bu yaxınlarda Rusiyanın beş şəhərində konsert vermişəm və hər bir konsertdən bir milyon rubl gəlir əldə etmişəm. Bu konsertləri əvvəldən xeyriyyə məqsədi ilə həyata keçirmişdik. Dostlarım ilə birlikdə isə 15 milyon rubl toplamışıq və pulu artıq Müslüm Maqomayev adına Fonda göndərmişik" — E.Ağalarov vurğulayıb.
Xatırladaq ki, dördmərtəbəli "Qış albalısı" ticarət mərtəbəsində bazar günü yanğın hadisəsi baş verib. Yanğın zamanı 41-i uşaq olmaqla 64 nəfər dünyasını dəyişib. Yanğın zamanı 76 nəfər xəsarət alıb, onlardan 27-si uşaqdır.