BAKI, 17 mart — Sputnik. Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenkonun əlini sıxmaqdan imtina edib. Sputnik Türkiyə xəbər verir ki, bu barədə səfir Yakovenko özü danışıb. Səfir həmin an soyuqqanlı davrandığını, nazirlə istənilən məsələnin müzakirəsinə hazır olduğunu bildirib.
“Keçmiş kəşfiyyatçı Skripalın zəhərlənməsi ilə bağlı olaraq, məni xarici işlər nazirliyinə çağırdılar. Siyasətdə müəyyən protokol qaydaları var. Buna uyğun davranmaq lazımdır. Cənab Conson bütün hal və hərəkətləri ilə Rusiyaya etirazını nümayiş etdirirdi. Bu öz yerində. Amma əl il görüşməmək etik qaydalara uyğun deyil” – Yakovenko deyib.
Qeyd edək ki, İngiltərə ilə Rusiya arasında münasibətlər SSRİ Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Skripal və onun qızının zəhərlənməsi hadisəsindən sonra kəskin pisləşib.