BAKI, 8 mart — Sputnik. ABŞ Dəniz Piyadaları komandanı general Robert B. Neller NATO ölkələrinin Rusiya sərhədlərində 45 min hərbçinin iştirakı ilə böyük təlim keçirəcəyini bildirib. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı sessiyada çıxışı zamanı Neller oktyabr ayında NATO-nun böyük təlimi olacağını bildirib.
"Bu təlim "soyuq müharibə"dən bu yana ən böyük hərbi təlim olacaq. Onlarla döyüş gəmisi və təyyarənin iştirakı ilə keçiriləcək təlim Norveç sahillərində baş tutacaq", — ordu generalı bildirib.
Təlimin keçiriləcəyi regionla bağlı dəqiq məlumat verməyən Neller, yalnız Rusiya sərhədləri yaxınlığında olacağını işarə edərək deyib: "Əminəm ki, Rusiya tərəfindən təşəbbüslər olacaq. Amma güman edirəm ki, bu, ABŞ-ın yeritdiyi strategiyanın ciddiliyini, NATO müttəfiqlərimizin onları qorumaq üçün bizi orada görmək istədiklərini göstərir".
Qeyd edək ki, daha əvvəl Neller Norveçdə yerləşdirilmiş hərbçiləri, regionda böyük müharibənin başlayacağı barədə xəbərdarlıq etmişdi.