BAKI, 22 fevral — Sputnik. Məşhur Rusiya teleaparıcısı Marqarita Mitrofanova özünün "Moya planeta" (Mənim planetim) telekanalında yayımlanan "Odin den v qorode" (Şəhədə bir gün) verlişinin növbəti buraxılışını Bakıya həsr eləyib. Azərbaycan paytaxtına səfər edən aparıcı şəhərin tarixi və yaraşıqlı məkanlarından bəhs edib, buradakı xərclərindən danışıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, verlişin videoçarxı layihənin YouTube sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.
Bu buraxılışda aparıcı bir gün ərzində yad şəhərdə vaxtı necə səmərəli keçirməyin özəlliklərindən danışıb. Veriliş ötən yayda çəkilsə də, yalnız bu günlərdə efirə çıxıb. Mitrofanova İçərişəhəri, Qız qalasını, Şirvanşahlar sarayını, dənizkənarı bulvarı, Xalça muzeyini, Heydər Əliyev Mərkəzini gəzib, Azərbaycan yeməklərinin dadına baxıb.
"Bakı, mübaliğəsiz bahalı şəhərdir. Bu, rəsmi olaraq da qəbul edilib. Odur ki, bu şəhərə səfər edərkən çoxlu xərclərə hazır olun. Burada adamı cəzb edən şeylər çoxdur. Necə deyərlər, uşaqlıqda bizə öyrətdikləri kimi, bura günəşli Azərbaycandır. Bakılı tacirlərlə qiymətdə razılaşmaq mümkün deyil", — deyə Mitrofanova bildirib.
Mitrofanova bir günə Bakıda 1000 manat xərcləyib.
O, turistlərə Bakı gecələrini sevəcəklərini bildirib: "Belədə onlar özlərini odlar şəhərinin işıqlarına heyrətlə baxan qədim səyyahlar kimi hiss edəcəklər". Aparıcının sözlərinə görə, şəhərin hazırkı illüminasiyası müasir insanda çüx güclü təəssürat yaradır.
"Odin den v qorode" layihəsinin məqsədi tamaşaçılara müxtəlif şəhərlərdə haraları ziyarət etməyi, harada və hansı yeməklərin dadına baxmağı və bütün bunlara görə nə qədər pul xərcləməli olacaqlarını bildirməkdir.