BAKI, 17 fevral — Sputnik. 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri Xocavənd rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal edib. Bunadək kənd dəfələrlə erməni qüvvələrinin hücumlarına məruz qalmışdı.
Bu soyqırımı ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri qətlə yetirilib.
Ümumilikdə Qaradağlı soyqırımında kənd 117 övladını itirib, onlarla insan girov götürülüb. Ermənilər ölənləri silos quyularına doldurublar, girovlara dəhşətli işgəncələr veriblər. Girovların bəziləri geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil.
Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.