BAKI, 11 fevral — Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərindən sonra bəyanatla çıxış ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat ATƏT-in rəsmi saytında dərc olunub.
Həmsədrlər bəyanatda bu yaxınlarda təmas xəttində insanların həlak olması ilə bağlı dərin narahatçılıqlarını ifadə ediblər.
"Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırır", — deyə sənəddə qeyd olunur.
Vasitəçilər münaqişə tərəflərini həmçinin təhrikedici bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə səsləyiblər.
"Biz tərəflərə güc tətbiq etməmək, ərazi bütövlüyü və hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə də daxil olmaqla, Helsinki yekun aktının başlıca prinsipləri əsasında münaqişənin sülh yollarının tapılması üzrə kömək etməkdə qətiyyətliyik. Biz tərəflərin hazırkı seçki dövrü nəzərə alınmaqla intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayırıq", — deyə bəyanatda bildirilir.