QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilər azərbaycanlı şəhid xanımının başına pul qoyublar

© Sputnik / Irade JELILGülzar Əliyeva
Gülzar Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Gülzar Əliyeva: "Həyat yoldaşım şəhid olduqdan sonra onun qisasını almağa söz verdim və elə həmin gün hücuma keçən erməni əsgərlərindən birini öldürdüm"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Müharibənin yeni başladığı dövrlərdə döyüş bölgələrinin sakinləri könüllü olaraq döyüşür, erməniləri öz kəndlərinə yaxın buraxmırdılar. O dövrdə çox sayda könüllü dəstələr yaradılmışdı. Azərbaycanın müxtəlif bölgələrindən bu dəstələrə könüllülər qoşulurdu.

Zakir Əliyev də könüllü şəkildə vətənə xidmət etməyi seçmişdi. Bu seçimi ona həyatı bahasına başa gəlsə də, sona qədər döyüşüb, Şuşanın işğalı günü şəhid olub.

© Sputnik / Irade JELILŞəhid Zakir Əliyev
Şəhid Zakir Əliyev - Sputnik Azərbaycan
Şəhid Zakir Əliyev

İndi onun ailəsi Bakıda, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 47-63 ünvanında yaşayır. Həmin dövrdən indiyədək bu ünvanda yaşayan şəhidin həyat yoldaşı Gülzar Əliyeva da erməni öldürüb. Dediyinə görə, həyat yoldaşı şəhid olduqdan sonra onun qisasını alıb, həmin gün hücum edən erməni əsgərlərindən birini öldürüb.

Gülzar Əliyeva Sputnik Azərbaycan əməkdaşı ilə söhbətində o ağır günləri belə xatırlayır: "Həyat yoldaşım Zakir Əliyev 1992-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində şəhid olub. O, 12 nəfərin həyatını xilas edərək şəhidlik məqamına yüksəlib. Şuşa alınan gün sanki dünya dağılırdı. Həmin gün ermənilər posta hücum edəndə həyat yoldaşım Zakir Əliyev vurulmuşdu. Elə həmin gündən mən də pis günə qaldım…".

G.Əliyeva deyir ki, həyat yoldaşı könüllü şəkildə cəbhəyə gedəndə hələ heç hərbçilərə silah belə, verilməyibmiş: "Yoldaşım on nəfərlik dəstəsi ilə cəbhəyə yollanmışdı. Zakir erməni dilini təmiz bilirdi. Neçə dəfə kəşfiyyata getmişdi. Kəşfiyyat dəstəsində on nəfərin başçısı idi. Həmin dövrlərdə biz Ağdamın Gülablı kəndində yaşayırdıq. Yoldaşım dəfələrlə kəşfiyyata gedirdi. Bəzən 3, bəzən də 5 gün çəkirdi gedişləri. Hərbi sirr olduğu üçün biz çox məlumatlı olmurduq. Döyüşlərdə də iştirak edirdi".

© Sputnik / Irade JELILGülzar Əliyevanın yaşadığı ev
Gülzar Əliyevanın yaşadığı ev - Sputnik Azərbaycan
Gülzar Əliyevanın yaşadığı ev

Şəhid xanımının sözlərinə görə, həyat yoldaşının özündən başqa bir qardaşı şəhid olub, digəri də itkin düşüb: "İki övladımız — 5 yaşında qızımız və 7 yaşlı oğlumuz var idi. Bilirdim ki, hər dəfəsində ölümə gedir. Deyirdim ki, sənə bir şey olsa, mən iki uşaqla ortada qalacağam. Narazı idim, deyirdim, amma dinləmirdi. Mənə deyirdi ki, "qorxma, dövlət səni məndən yaxşı saxlayacaq". Mən ondan atasına da şikayət edirdim. Atası Mərzili kəndində yaşayırdı. Atasına deyirdim ki, onu bu yoldan çəkindirsin. Atasının ondan əlavə bir oğlu da şəhid olmuşdu, biri də itkin düşmüşdü".

"Həyat yoldaşım şəhid olduqdan sonra onun qisasını almağa söz verdim və yoldaşım ölən günü hücuma keçən erməni əsgərlərindən birini öldürdüm. Həmin erməni vəzifəli şəxs olduğuna görə düşmənlər mənim başıma pul qoydular. Həmin gün qaynım da bir erməni öldürmüşdü. Yoldaşım ölən gün ümumilikdə üç erməni öldürmüşdük. Buna görə ermənilər mənim də, qaynımın da başına pul qoymuşdular" — müsahibimiz danışır.

Həyat yoldaşının ölümündən sonra qaynı Gülzarı uşaqları ilə birlikdə Bakıya gətirir və tapşırır ki, bir daha Ağdama qayıtmasın. Səbəb də ermənilərin Gülzarla qaynının başına pul qoymaları olur. Buna görə də onları rayona qayıtmağa qoymurlar. Qaynı itkin düşəndən sonra, o, bir dəfə Ağdama getsə də, bu dəfə kiçik qaynı yenidən onu Bakıya qaytarır və bildirir ki, bir daha rayona qayıtmamalıdır.

© Sputnik / Irade JELILEvin mətbəxi
Evin mətbəxi - Sputnik Azərbaycan
Evin mətbəxi

Gülzar xanım vurğulayır ki, həyat yoldaşını itirəndən sonra çox çətinliklərlə üzləşiblər: "1992-ci ildə Qaradağ rayonunda yataqxanada bacımgildə qalırdım. Hamı ora yığışmışdı deyə bacımgilin evi dar idi. Ona görə bacımgil bu evi tutdular. O vaxtlar hələ bu binanın 8-ci mərtəbəsi tikilməkdə idi. Həmin vaxtlar bu evin qapı-pəncərəsi yox idi. Qapıya xalça, pəncərələrə adyal bağladım. Həmin vaxtlar nə pulum, nə imkanım var idi. Səhərəcən uşaqlarımı ağcaqanad yeyirdi. Heç nəyimiz yox idi. Yerdən yataq salıb yatırdıq".

"Sonra qaynımın dostu gəlib acınacaqlı vəziyyətimizi gördü, bizi evinə apardı. Evə isə "linelium" alıb gətirdi. Çox əziyyətli günlərimiz olub. Elə günlər olub ki, uşaqlarıma yemək tapa bilməmişəm" — şəhid xanımı başlarına gələnləri anladır.

Şəhid ailəsinin maddi sıxıntıları hələ də bitməyib. Gülzar xanım gündəlik 6 manat, 60 qəpiyə çalışır ki, bu məbləğ də ailənin qidalanmasına belə, çatmır.

Şəhid xanımı həm oğlunun, həm də qızının ailəsinə baxdığını deyir: "Sağ olsun prezidentimiz, bizə şəhidliyə görə müavinət verir. Amma bilirsiniz, 110 manatla dolanmaq çətindir. Üstəlik, bu ikiotaqlı evdə 8 nəfər yaşayırıq. Qızım da, oğlum da iki övladı ilə bu evdə yaşayır".

© Sputnik / Irade JELILGülzar xanım nəvələri ilə
Gülzar xanım nəvələri ilə - Sputnik Azərbaycan
Gülzar xanım nəvələri ilə

G.Əliyevanın qızı həyat yoldaşından ayrıldığı üçün iki uşaqla anasına sığınıb. Ayrıldığı həyat yoldaşı onlara nə yaşamağa ev verib, nə də aliment verir: "Qızıma iki uşağa görə 152 manat aliment kəsilib. Amma bu günə qədər çox az pul verib. Qızımın ürəyi yumşaqdır. Alimentə görə yoldaşını tuturdular, ancaq qızım onun yalvarışlarına inandı, razı olmadı həbs olunmasına. Oğlan gətirib 150 manat pul verdi".

"Oğlan deyirdi ki, işləmir. Ancaq kafeləri, "avtoyuma" salonu, avtomobili var. Amma uşaqlarına 1 manat da xərcləmir. İş Qaradağ Rayon Məhkəməsindədir. Qızımın keçmiş həyat yoldaşı Mehdiyev Sabit Əskərxan oğludur. İcraçı nə zaman ona yaxınlaşırsa, deyir ki, heç nəyi yoxdur. Oğlanın nəyi varsa, keçirib qardaşının adına. Buna görə də uşaqlara heç nə vermir. Gəlmək bir kənara, heç uşaqlarına zəng etmir. Ad günləri olanda da itirib-axtarmır. Baxıram ki, səbirsizliklə atalarının zəngini gözləyirlər, amma etmir. Uşaqlar pis olur. Birinin 9, o birinin 13 yaşı var. Oğlandır ikisi də" — deyir həmsöhbətimiz.

Çarəsiz vəziyyətdə qalan şəhid xanımı onlara yardım edilməsini xahiş edir: "Qızım da nevroloji xəstədir, müalicə olunur mütəmadi. Qazandığım ancaq onun iynə-dərmanına gedir. Uşaqlar da evdə yola getmir, axı iki ailənin uşaqlarıdır. Bəzən o qədər bezirəm ki, evdən qaçmaq istəyirəm. İnanın Allaha, daha bir evdə 8 nəfər yaşamaqdan yorulmuşuq. Aidiyyatı şəxslərdən xahiş edirik ki, bizə bir çarə etsin".

Xəbər lenti
0