BAKI, 4 fevral — Sputnik. Rusiyanın Müdafiə Nazirliyi ona məxsus döyüş təyyarəsi Su-25-i vuran raketin atıldığı İdlibin ən-Nusra Cəbhəsi-nin nəzarətindəki bölgəsinə sarsıdıcı zərbə vurduğunu açıqlayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, əldə edilən kəşfiyyat məlumatlarına görə, ən-Nusra Cəbhəsi-nin mövqelərinə edilən hücumda ən azı 30 terrorçunun məhv edildiyi bildirilib.
Ən-Nusra Cəbhəsi-nin mövqelərinə edilən hava hücumun görüntüləri Rusiya Müdafiə Nazirliyinin saytı tərəfindən paylaşılıb.
Bir qədər əvvəl Rusiyanın Müdafiə Nazirliyi "Su-25" təyyarəsinin Suriyada vurulduğunu və katapul edən pilotun terrorçular tərəfindən öldürüldüyünü açıqlayıb.
"Sky News Arabia" telekanalının məlumatına görə, təyyarə "yer-hava" sinifli raketlə vurulub.
Hal-hazırda Rusiyanın Suriyadakı atəşkəsi izləmə mərkəzi, İdlibdə gərginliyin azaldılması bölgəsinə məsul olan türk tərəfi ilə birlikdə pilotun cəsədinin qaytarılması istiqamətində tədbirlər görür.