BAKI, 31 yanvar — Sputnik. Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə qoşunların təmas xəttində gərginliyin azaldılmasının tərəfdarıdır və münaqişə zonasında ATƏT müşahidəçilərinin sayının artırılması istiqamətində tədbirlər görür.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, bu mövzu Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə 2016-cı ilin iyununda Sankt-Peterburqda keçirilən görüşündə, Rusiya XİN başçısı Sergey Lavrovun ötən ilin noyabrında Bakı və Yerevana səfərləri zamanı müzakirə olunub.
"ATƏT çərçivəsində əlavə müşahidəçilərinin fəaliyyətini nizamlayan sənədin bir neçə variantı hazırlanıb" — deyə XİN nümayəndəsi bildirib. O, Rusiya XİN başçısının da bu sənədlə tanış olduğunu və onunla razılaşdığını qeyd edib.
M. Zaxarova həmçinin xatırladıb ki, iki ölkənin xarici işlər nazirlərinin bu il yanvarın 18-də Polşanın Krakov şəhərində keçirilən görüşündə həmsədr ölkələr tərəfindən yenilənmiş təkliflər irəli sürülüb.
Nazirlər vasitəçilər tərəfindən hazırlanan sənədə prinsipal razılıq veriblər. Hazırda ATƏT müşahidəçilərinin sayının artırılması mexanizmi işə düşməzdən əvvəl tərəflərin razılaşdırması lazım gələn bir neçə texniki detal qalıb.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin perspektivlərinə gəlincə, Zaxarova qeyd edib ki, yalnız tərəflər özləri siyasi iradə ortaya qoyaraq bu həlli uzanan münaqişəyə son qoyan güzəştli həll yolunu tapa bilərlər. O, xatırladıb ki, Azərbaycan və Ermənistan prezidentləri ötən ilin oktyabrında Cenevrədə danışıqlar prosesinin sürətləndirilməsi ilə bağlı razılığa gəliblər. Bundan sonra isə nazirlər iki dəfə görüşərək müvafiq bəyanat veriblər.
Rusiya XİN-in nümayəndəsi bildirib ki, həmsədrlər fevral ayının birinci ongünlüyündə münaqişə tərəflərinin problemli məsələlərlə bağlı mövqeyini dəqiqləşdirmək üçün regiona səfər etməyi planlaşdırırlar.
Xatırladaq ki, 2-5 aprel 2016-cı il tarixində atəşkəs haqqında saziş bağlandığı dövrdən bu yana ilk dəfə Qarabağ münaqişəsi ətrafında bu qədər gərginlik yaşanmışdı. Rəsmi Yerevan baş vermiş gərginliyə görə Azərbaycan günahlandırsa da, rəsmi Bakı Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki təxribatlarına cavab vermək məcburiyyətində qaldığını bəyan etmişdi. Silahlı münaqişə nəticəsində hər iki tərəfdən hərbi və mülki itkilər olmuşdu.
2016-cı ilin 5 aprelində Moskvanın vasitəçiliyi ilə hərbi əməliyyatlar dayandırılmış, lakin təmas xəttində atəşkəsin intensiv pozulması halları mayın 16-dək davam etmişdi. Həmin gün Vyanada Qarabağda gərginliyin yaranmasından sonra ilk dəfə olaraq Minsk qrupunun həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü olmuşdu.
Görüşdə tərəflər arasındakı atəşkəs haqqında sazişə əməl olunması barədə razılıq əldə olunmuşdu.