BAKI, 31 yanvar — Sputnik. Rusiya Müsəlmanları Mərkəzi Dini Rəhbərliyi Baş müftisi Talqat Tacuddin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabr ayında Rusiyaya bayram mərasiminə dəvət edib. Sputnik Azərbaycan bu barədə "Timeturk"ə istinadən xəbər verir.
Yerli mətbuata danışan Tacuddin deyib ki, bu il Rusiya Federasiyasına bağlı Başqırdıstan respublikasının paytaxtı Ufada Rusiya Müsəlmanları Mərkəzi Dini Rəhbərliyinin 230-cu ildönümünü qeyd edəcəklər.
"Bu münasibətlə Rusiya prezidenti cənab Vladimir Putini və Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanı yubiley mərasiminə dəvət etdik", — deyə baş müfti qeyd edib.
Xatırladaq ki, 2015-ci ilin sentyabrında Ərdoğan Putinlə birgə Moskvadakı "Mərkəzi Məscid"in açılışında da iştirak etmişdi.