BAKI, 29 yanvar — Sputnik. Türkiyə və Rusiyanın birgə təşkilatçılığı ilə bu gün Soçi şəhərində Suriya Milli Dialoq Konqresi keçiriləcək. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, iki gün davam edəcək toplantıya 1600 nümayəndə dəvət edilib.
Türkiyənin sərt reaksiyasını nəzərə alan rəsmi Moskva PYD-ni konqresə dəvətlilər siyahısından çıxarıb. Məlumatı terrorçu PYD təşkilatı da təsdiqləyib.
Bu arada, suriyalı müxaliflərin yaratdığı Yüksək Müzakirə Komitəsi də Soçidəki zirvəyə qatılmayacağını bəyan edib. Onlar daha yaxşı şərtlər çərçivəsində hərəkət edəcəklərini bildiriblər.
Qeyd edək ki, ABŞ, İngiltərə, Fransa, İordaniya və Səudiyyə Ərəbistanı dünən müxaliflərə yeni təkliflər paketi təqdim edib. Həmin paketdə müxaliflərə Soçidə onlara vəd ediləndən daha artıq üstünlüklər təklif olunur.
Sənədə əsasən, Suriyada vəziyyət stabilləşəndən sonra yerli idarəetmə orqanları bir çox müstəqil qərarvermə səlahiyyətlərinə sahib olacaq. İddiaya görə, 5 ölkə tərəfindən müxaliflərə təklif edilən paketdən sonra onlar Soçidəki zirvəyə qatılmaqdan imtina ediblər.
Ancaq Türkiyə mətbuatının yazdığına görə, rəsmi Ankara müxalifləri Soçidəki zirvəyə qatılmaları üçün razı salıb. Bugünkü toplantıda onların da iştirakı gözlənilir.
Rusiyalı rəsmilər Amerika Birləşmiş Ştatlarının da zirvəyə dəvət edildiyini açıqlayıb. Məsələ ilə bağlı Vaşinqtondan hər hansı açıqlama verilməyib.