BAKI, 17 yanvar — Sputnik. Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi qətlə yetirməkdə təqsirləndirilən azərbaycanlı idmançı, Xabarovsk sakini Anar Allahverənovun atası avtomobil qəzasında dünyasını dəyişib. Belə ki, yanvarın 16-da səhər saatlarında Xabarovsk şəhərinin Karl Marks küçəsində, Azərbaycanın Yardımlı rayonunda anadan olmuş, 59 yaşlı Əliyar Allahverənovu "Toyota Corolla" markalı avtomobil vurub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Xabarovskdakı diasporunun nümayəndəsi Nəriman Şükürov məlumat verib.
Allahverənovun üç vəkilindən biri olan Pavel Aqiyevin dediyinə görə, əgər təhdid edildiyini nəzərə alsaq, Əliyar Allahverənovun ölümü təsadüf deyil. Ona görə də kişinin ölümünün qabaqcadan planlaşdırılmış olduğuna dair əsaslı şübhələr var. Baxmayaraq ki, sürücü yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdən qaçıb gizlənməyib və qəza barədə polisə özü zəng edib.
Vəkil bəyan edib ki, baş vermiş hadisə ciddi şəkildə araşdırılmalıdır. Maraqlıdır ki, atanın ölümü oğlunun məhkəmə prosesinin başlanmasından bir gün sonra baş verib. Məhkəmə yanvarın 15-də başlayıb.
İlkin versiyaya görə, Əliyar Allahverənov keçidin qadağan olunduğu yerə çıxıb. Sürücü avtomobili saxlaya bilməyib və toqquşma baş verib. Zərbədən piyadanın ayaqları kəsilib və o, hadisə yerindəcə ölüb.
Nəriman Şükürov isə əksinə, hesab edir ki, yol-nəqliyyat hadisəsi qəsdən törədilməyib: "Sadəcə, atanın ölümü məhkəmə prosesinin başlanması ilə üst-üstə düşüb. Əliyar Allahverənov oğlunun başına gələn müsibətdən sonra fikirli halda gəzirmiş və ola bilsin ki, bu səbbədən də avtomobilin gəldiyini hiss eləməyib".
"İndi bütün versiyalar ağlabatan ola bilər. Amma əsassız nəticələrə gəlməmək üçün araşdırmanın sonunu gözləmək lazımdır. Əliyar Allahverənovun cənazəsi yaxın günlərdə dəfn edilmək üçün vətəninə — anadan olduğu Yardımlı rayonuna göndəriləcək" — deyə Şükürov bildirib.
Onun sözlərinə görə, Allahverənovla Draçevin davası mərd-mərdanə olub: "Onların hər ikisi idmançı olub və hara vurmaq lazım gəldiyini yaxşı biliblər. Davanın şahidləri bildiriblər ki, onlar münasibətlərə təkbətək döyüşdə aydınlıq gətirmək istəyiblər. Əgər Allahverənov onu öldürməsəyi, Draçev onu öldürəcəkdi. Çünki bu, insan ölümü ilə nəticələnən özünümüdafiə tədbirindən başqa bir şey deyildi. Allahverənov silahlı olmayıb. Onlar əlbəyaxa dalaşıblar".
Diaspor nümayəndəsi əlavə edib ki, Xabarovsk Daxili İşlər İdarəsinin Post Patrul Xidmətinin polisi Vladimir Ovçinnikovu isə 10 illik azadlıqdan məhrumetmə cəzası gözləyir: "Çünki o, davanın şahidi ola-ola idmançıları ayırmağa cəhd eləməyib. O, ən azı öz xidməti borcunu yerinə yetirməli idi. Ovçinnikovla bağlı yekun qərar bu ilin 1 martında veriləcək".
Xatırladaq ki, ötən ilin avqustunda Rusiyanın Xabarovsk vilayətində Andrey Draçev ilə Anar Allahverənov arasında mübahisə başlayıb. İstintaqın versiyasına görə, Allahverənov Draçevə 21 əl və ayaq zərbəsi vurub. Bundan sonra yıxılıb huşunu itirən idmançıya Allahverənov daha 5 zərbə vurub.
Andrey Draçev xəstəxanada dünyasını dəyişib. Allahverənov hadisədən bir ay sonra hüquq-mühafizə orqanlarına təslim olub.
Onu da qeyd edək ki, Allahverənovun hüquqlarını 3 vəkil müdafiə edir. Artıq məhkəmin ilk dinləməsi yanvarın 15-də keçirilib, növbəti proses yanvarın 23-də olacaq.