BAKI, 13 yanvar — Sputnik. Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa parlamentinin rəsmi saytında qeyd olunub.
Bəyanatda deyilir ki, Dağlıq Qarabağ, həmçinin Gürcüstan və Moldovadakı münaqişələr hər zaman olduğu kimi Avropa İttifaqının diqqətindədir və Aİ bu münaqişələrin həllində ATƏT-in fəaliyyətini yüksək qiymətləndirir.
Bəyanatda, həmçinin qeyd olunur ki, Avropa İttifaqı münaqişələrin ciddi narahatlıq doğuran humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndirir.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano deyib ki, İtaliya ATƏT-dəki sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir. Nazir bildirib ki, bu il ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata üzv olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur.