BAKI, 25 dekabr — Sputnik. Rusiya hava yolları şirkətlərinə aid təyyarələrdən birində corab iyi üstündə dava çıxdığı, nəticədə bir nəfərin bıçaqlanaraq ağır yaralandığı barədə yerli mediada ötən həftə məlumat verilmişdi. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Moskva-Kalininqrad reysində baş verənlərə Kalininqrad prokurorluğu aydınlıq gətirib.
"54 yaşlı sərnişin 31 yaşında olan digər sərnişini bıçaqladığı üçün həbs edilib. İki şəxs arasında yol boyu gərginlik olub. Bir-birlərinə sözlə sataşıblar. Bu sataşma təyyarə yerə enənədək davam edib. Yerdə isə sataşma əlbəyaxa davaya çevrilib. Sonra məlum hadisə baş verib. Dava corab iyi üstündə olub" — polisdən bildirilib.
Qeyd edək ki, oxşar hadisə bir neçə həftə əvvəl Hindistanda yaşanmışdı. Polis corabından çox pis iy gəldiyi üçün avtobusda davaya səbəb olan sərnişini həbs etmişdi.