BAKI, 23 dekabr — Sputnik. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun siyasi liderləri olan Rusiya, İran və Türkiyə olmadan həll edilə bilməz. Rusiya, İran və Türkiyənin yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər”.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq simpoziumda rusiyalı telejurnalist, politoloq Maksim Şevçenko deyib.
Dünyanın ciddi dəyişikliklərə hazır olduğunu vurğulayan M.Şevçenko bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapmamasından yorulub: “Dağlıq Qarabağ münaqişəsi ona görə yaradılıb ki, gələcəkdə digər münaqişə ocaqları meydana gəlsin. Bəzən deyəndə ki, Rusiya ötən əsrin 90-cı illərində Qarabağla bağlı yanlış mövqe tutub, bu, mənim xətrimə dəyir. O vaxtlar Rusiya Vaşinqtondan idarə olunurdu. Yeltsin-Qaydar rejimi ABŞ tərəfindən yönləndirilirdi”.
Politoloq imkanlı erməni biznesmenlərinin ABŞ prezidentinə birbaşa çıxışı olduğunu da xatırladıb.