BAKI, 21 dekabr — Sputnik. ABŞ administrasiyası Rusiyanın daha beş nəfər vətəndaşının adını Maqnitski siyahısına daxil edib.
Sputnik Azərbaycan xəbər verir ki, sanksiya tətbiq edilən şəxslər siyahısında Çeçenistan rəhbəri Ramzan Kadırov da var. Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi açıqlama yayıb.
Sanksiyaya məruz qalan digər Rusiya vətəndaşları Ayyub Katayev, Yuliya Motorova, Andrey Pavlov və Aleksey Şeşenyadır.
ABŞ hökuməti bildirir ki, Ramzan Kadırov və digərləri məhkəmə hökmündən kənar hərəkətlərə, işgəncələrə, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının kobud şəkildə pozulmasına yol verib.
"O, qeyd edilən hərəkətlərini "Rusiya Federasiyası hökumətinin rəsmiləri tərəfindən müəyyən edilmiş, qeyri-qanuni fəaliyyətləri üzə çıxarmaq cəhdi kimi göstərirdi" — deyə Kadırovla bağlı açıqlamada bildirilib.
Ramzan Kadırov adının ABŞ-ın sanksiyalar siyahısına düşməsini ironiya ilə qarşılayıb. O, Vaşinqtonun qərarını "Amerikadan növbəti mükafat" kimi qiymətləndirib və əlavə edib ki, əgər ABŞ ölkənin bütün valyuta ehtiyatlarını ona versəydi, yenə də ora getməzdi.
"Mən necə qəmlənməyim? 40 il Amerikaya getmək, orda bizneslə məşğul olmaq, Manhettendəki banklarda hesab açmaq planları qurmuşam. Lakin mən Las-Veqasdakı kazinoları və Bank of America-dakı milyardları görməyəcəm" — respublika başçısı Instagram-da yazıb.
Kadırov qeyd edib ki, insan hüquqları ABŞ-da pozulur, Çeçenistanda deyil.
Çeçen lider əlavə edib ki, amerikalılar onu həyatını terrorizmlə mübarizəyə həsr elədiyinə görə bağışlaya bilmirlər.
"Qoy ABŞ narahat olmasın. Mən hələ ABŞ torpaqlarına getmək barədə əmr almamışam" — deyən Çeçenistan rəhbəri atla Elba çayına çatıb, Amerika prezidentindən "Fəxri legion" ordeni alan Sovet İttifaqı qəhrəmanı Mavlid Visaitovu xatırladıb.