BAKI, 20 dekabr — Sputnik. Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, görüşün yekununda birgə Bəyannamə qəbul olunub.
Görüşdən sonra keçirilən brifinqdə Elmar Məmmədyarov ATƏT Minsk Qrupu həmsədrlərinin görüşü barədə açıqlama verib: "Həmsədrlər görüşün tarixi ilə bağlı elan verəcəklər. Lakin görüşün gələn il yanvarın ortasında keçirilməsinə dair razılıq var".
O, görüşün Avropa ölkələrindən birində baş tutacağını bildirib: "Vyanada müxtəlif fikir mübadilələri apardıq. Həmsədrlər müzakirələri dəyərləndirəcəklər və qərar verəcəklər. Mən hətta demişəm ki, iki gün də danışıq aparmağa razıyam. Əsas odur, nəticə olsun".
Öz növbəsində Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini xatırladıb: "Amma həm suçlu, həm güclü kimi davranırlar. Biz münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik".
Çavuşoğlu Ermənistanın öz qonşuları ilə necə davranmalı olduğunu bilmədiyini vurğulayıb: "Onlara şərt irəli sürdük ki, işğal edilmiş torpaqları azad edəcəklər və bundan sonra münasibətlər normallaşacaq. Ermənistan tərəfindən verilən açıqlamaların bizim üçün heç bir hökmü yoxdur".