BAKI, 28 noyabr — Sputnik. Rusiyada ilk uşaq doğuşu üçün aylıq ödənişlər tətbiq olunacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Uşaqlar üçün Milli Fəaliyyətin həyata keçirilməsi üzrə Koordinasiya Şurasının iclasında məlumat verib. O bildirib ki, ailələri dəstəkləmək üçün yeni ildən bir sıra tədbirlər həyata keçiriləcək.
Bu tədbirlər çərçivəsində ilk uşaq doğuşu üçün uşağın yaş yarımına qədər pul veriləcək. Putnin sözlərinə görə, bu məbləğ yaşayış minimumuna uyğun olaraq hesablanacaq. 2018-ci ilə veriləcək ödənişlər orta hesabla ayda 10523 rubl (300 manat), 2020-ci ildə 11,143 rubl (324 manat) səviyyəsində gözlənilir.
Putinin sözlərinə görə, 3 il ərzində proqrama 144,5 milyard rubl pul ayrılacaq.