BAKI, 28 noyabr — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə görülmüş zəruri tədbirlər nəticəsində noyabrın 23-də Azərbaycan Ordusunun əsgərinə məxsus olduğu ehtimal edilən cəsəd noyabrın 28-də Azərbaycan tərəfinə təhvil verilib. Bu barədə Trend-ə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi İlahə Hüseynova bildirib.
Qeyd edək ki, 23 noyabr 2017-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində tapıldığı və 27 sentyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş əsgər, Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyitin qaytarılması ilə bağlı müvafiq prosedurlara uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilmişdi.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.