BAKI, 22 noyabr — Sputnik. “Dağlıq Qarabağ problemini ancaq Rusiya həll edə bilər, Soçidə Vladimir Putinlə görüş zamanı bu məsələni yenidən gündəmə gətirəcəyəm”.
Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı jurnalistin sualını cavablandırarkən deyib.
“Putinlə ötən görüşümüzdə də Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. O mənə dedi ki, Rusiya problemin həlli üçün əlindən gələn hər şeyi edir. Mən bir daha Rusiya prezidentini beş rayonun qaytarılması məsələsinə həssas olmağa çağırdım. Artıq münaqişə 30-ilə yaxındır ki, davam edir. Bölgədə bu problemi həll edə biləcək yeganə güc Rusiyadır. Bu gün prezidentlərlə görüş zamanı imkan olan kimi problemi gündəmə gətirəcəyəm. Dağlıq Qarabağ bizim üçün də vacib məsələdir. Bunu kənara ata bilmərik” — Ərdoğan qeyd edib.