BAKI, 21 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Soçidə Suriya lideri Bəşər Əsədi qəbul edib. Sputnik Türkiyə xəbər verir ki, Putin və Əsəd Suriyadakı böhranı müzakirə ediblər.
Kremlin məlumatına görə, Putin həmkarı Əsədi islamçı döyüçlərə qarşı əldə etdiyi zəfər münasibətilə təbrik edib. Rejim başçısı Bəşər Əsəd isə öz növbəsində deyib ki, əgər Rusiya olmasaydı, radikal islamçıları məğlub etmək mümkün olmazdı.
Putin bildirib ki, terrorla mübarizə heç zaman bitməyəcək: "Ancaq Suriyadakı hərbi əməliyyatlara və bu münaqişəyə son nöqtə tezliklə qoyulacaq".
"Suriyada vəziyyətin normallaşması üçün çox şey edilib. Ümid edirəm ki, yaxın vaxtlarda Suriyada terrorizmlə mübarizədə qəti nöqtə qoyacağıq. Lakin məlum məsələdir ki, qaynar nöqtələr hələ yaranmağa davam edəcək" – prezident vurğulayıb.
Qeyd edək ki, sabah Soçidə İran-Türkiyə-Rusiya prezidentlərinin də iştirakı ilə geniş tərkibli "Suriya" toplantısı keçiriləcək.