Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 18 noyabr — Sputnik. Rusiya XİN rəhbəri Sergey Lavrovun Cənubi Qafqaz turnesi, Rusiya, Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 25 illliyi ilə əlaqələndirilir. Bunu Sputnik Azərbaycan-a müsahibəsində "PolitRUS" ekspert şəbəkəsinin rəhbəri Vitaliy Arkov deyib.
Lavrov 20 noyabrda Bakıya səfər edərək burada azərbaycanlı həmkarı iki dövlət arasında münasibətlər və beynəlxalq gündəliyin aktual məsələləri barədə fikir mübadiləsi aparacaq. Bakı səfərindən sonra rusiyalı nazir Ermənistana yola düşəcək.
Arkovun dediyinə görə, regionu izləyən hər bir kəsə münasibətlərin 25 illiyi məsələsinin sadəcə bir bəhanə olduğu məlumdur: "Əslində Lavrov aktiv qısamüddətli səfərlər diplomatiyasından istifadə edir. Məqsəd isə Qarabağ münaqişəsinin həlli üzrə keçid razılaşmasının Bakı və İrəvan tərəfindən qəbuluna nail olmaqdır".
"Razılaşmanın əsas bəndləri hamıya məlumdur. Mən şadam ki, onların xeyli hissəsi bir neçə il əvvəl Azərbaycan KİV-nə verdiyim müsahibələrdə qeyd etdiyim məqamlarla üst-üstə düşür" — Vitaliy Arkov qeyd edib.
Ekspertin fikrincə, ilk hədəf Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların Bakının nəzarətinə verilməsi məsələsidir. Bu məsələdə yeganə məqam uydurma "Dağlıq Qarabağ Respublikasının" Ermənistanla əlaqəsi üçün bir dəhlizi İrəvanın nəzarətində saxlamaqdır.
"Bunun səbəbi Bakının yenidən nəzarətinə keçmiş torpaqlar üzərindən Ermənistana, hətta qeyri-hərbi məqsədli insan və yüklərin hərəkətinə qarşı olacağı ehtimalıdır" — analitik bildirib.
Onun sözlərinə görə, ikinci çox vacib məsələ, Dağlıq Qarabağda təmas xətti boyunca erməni hərbçilərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzv dövlətlərin hərbçiləri ilə əvəz olunmasıdır: "Bu isə təmas xəttinin hər iki tərəfində həm xeyli hərbçi, həm dinc sakinin həyatını xilas edəcək. Bəzi ekspertlərin dediyi kimi, buna cavab addımı olaraq Azərbaycanın KTMT və Avrasiya İqtisadi İttifaqına qoşulması isə sonrakı məsələdir".
Politoloqun fikrincə, dövlət və XİN rəhbərləri səviyyəsində görüşlərin intensivləşməsi, yəni Vladimir Putinin İlham Əliyevlə Tehranda qapalı görüşü, Serj Sarkisyanın Moskvaya dünənki səfəri, ondan əvvəl Rusiya paytaxtına Ermənistan XİN rəhbəri Nalbandyanın səfəri və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri ilə son görüşü, vacib qərarların qəbulunun nə qədər yaxın olduğunun göstərir.
Ekspert ümid edir ki, Avropa İttifaqı ilə Ermənistanın imzalayacağı sənəd bütün bu prosesə təsir etməyəcək. Lakin İrəvanın Avropa İttifaqı ilə yeni sənədin imzalanmasının Qarabağ münaqişəsi üzrə sülh müqavilələrinin qəbulu ilə üst-üstə düşməsi, Arkovun dediyinə görə ehtiyyatlı olmağa vadar edir.
O, hesab edir ki, Ermənistana yenidən nəsə vəd edərək, İrəvandan Kremlin sülhməramlı təşəbbüslərinə diqqət yetirməməyi təkidlə "xahiş" edə bilərlər.
Arkovun fikrincə, rəsmi Bakı Qərbin bu taktikasını artıq çoxdan anladığından daha oradakı tərəfdaşlarının vədlərinə inanmayaraq Moskva ilə (həmçinin Ankara və Tehranla) əsas sahələrdə əməli və sərfəli əməkdaşlığa üstünlük verir.