BAKI, 4 noyabr — Sputnik. Ermənistan ordusunun Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrindən birində güclü partlayış baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Sputnik Ermənistan-ın məlumatına görə, bu gün saat 12.10 radələrində Dağlıq Qarabağ bölgəsinin şimal-şərq istiqamətində yerləşən Ermənistanın ordusunun hərbi hissələrindən birində tank əleyhinə qumbara partlayıb.
Nəticədə hərbçi Qrant Manqasaryan ölüb, digər iki hərbçi Qevork Xusnunts və Sergey Alumyan qəlpə yaraları alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisənin baş vermə şəraiti araşdırılır.
Qarabağdakı Ermənistan ordusu hərbçisinin qarşı tərəfin əli ilə olmayan sonuncu ölüm faktı oktyabrın 21-də qeydə alınıb. Döyüş mövqelərindəki hərbi hissələrdən birində 1998-ci il təvəllüdlü əsgər Aram Xaçatryan odlu silahdan ölümcül xəsarət alıb. İlkin versiyaya görə, hadisə silahdan istifadə edərkən təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verib. Lakin sonra məlum olub ki, Xaçatryanın ölümünə görə, onun hərbçi yoldaşı şübhəli şəxs qismində saxlanılıb.