BAKI, 3 noyabr — Sputnik. Təbriz şəhəri ilə qardaşlaşan Tatarıstan paytaxı Kazan şəhərində bir parka Təbriz adı verilib.
Sputnik Azərbaycan Günaz TV-yə isitnadla xəbər verir ki, bu barədə Təbriz Bələdiyyə İdarəsinin Beynəlxalq və İctimai Əlaqələr Şöbəsinin rəisi Mir Etimad İmadi mətbuata məlumat verib.
"Təbriz və Kazan arasında imzalanan protokola görə, hər iki şəhərin rəhbərliyi bir münasib parkı digər şəhərin adı ilə adlandırmalı idi. Kazan Bələdiyyə İdarəsi artıq protokola əməl edib və son günlərdə yaşıllaşdırma və inşaat işlərinin tamamlandığı bir parka Təbriz adı verib. Təbriz və Qazan qardaş şəhərlərdir. Bu iki şəhərlərə son illərdə qarşılıqlı səfərlər təşkil olunub"- deyə o bildirib.
Mir Etimad İmadi Kazanda Təbriz adında park olmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib. "Gələn il Rusiyada Dünya Kuboku Yarışları keçiriləcək. Ona görə də Kazan dünyanın müxtəlif ölkələrindən turist qəbul edəcək. Təbriz isə 2018-ci il üçün islam ölkələrinin turizm paytaxtı seçilib. Belə bir vaxtda Kazanda Təbriz adına park olması önəmli məsələdir"- deyə o bildirib.
Təbriz Bələdiyyə İdarəsinin Beynəlxalq və İctimai Əlaqələr Şöbəsinin rəisi yaxın gələcəkdə Təbrizdə Kazan adında park olacağını da diqqətə çatdırıb.
Məlumata görə, Təbriz parkı Tatarıstan paytaxtı Kazanda Vastaliya və Dekabristov xiyabanlarının kəsişdiyi məntəqədə yerləşir.
Tatarıstan Muxtar Respublikası hazırda Rusiyanın tərkibindədir. Respublikanın əhalisi türkdür, Kazan isə türk dünyasının önəmli şəhərləri sırasındadır.