BAKI, 3 noyabr — Sputnik. Rusiyanın Soçidəki "Suriya" danışıqlarına PYD/YPG təmsilçilərini dəvət etməsinə Türkiyənin sərt reaksiyası nəticəsini verib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, Kreml Suriyadakı tərəflərə göndəriləcək dəvətnamə məktubunu yenidən hazırlayacağını bəyan edib.
Qeyd edək ki, 18 noyabrda Rusiyanın Soçi şəhərində Suriya rejimi və müxalifət təmsilçiləri arasında danışıqlar keçiriləcək. 2 gün əvvəl görüşlə bağlı açıqlama verən Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova deyib ki, danışıqlara PYD/YPG də dəvət edilib.
Məsələyə Ankaranın reaksiyası sərt olub. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın, Moskvadan edilən dəvətin qəbuledilməz olduğunu bildirib. "Bunu heç cürə qəbul edə bilmərik" — Kalın deyib.
Qeyd edək ki, Türkiyə PYD/YPG-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab edir. Həmçinin suriyalı müxaliflər də PYD/YPG-nin Soçidəki görüşə dəvət edilməsini istəməyib.