BAKI, 25 oktyabr — Sputnik. Bakı rusiyalıların noyabr bayramında gedəcəyi MDB şəhərlərinin top-5-liyinə daxildir. Rusiyanın müvəqqəti yaşayış yerlərinin bronlaşdırılması ilə məşğul olan Tvil.ru saytı noyabr tətilində rusiyalı turistlərin istirahət üçün yaxın xaricdə və MDB məkanında hansı şəhərlərə üstünlük verdiyini müəyyən edib.
Reytinq 2017-ci ilin 3-7 noyabr tarixləri üçün bron edilmiş otel, mənzil və qonaq evləri ilə bağlı sorğular əsasında müəyyən edilib.
Noyabrın 4-də Rusiyada Milli Birlik Günü qeyd olunur. Ona görə də rusiyalılar 4-6 noyabr tarixlərində üç gün istirahət edirlər.
Minsk (Belarus), Astana (Qazaxıstan), Tbilisi (Gürcüstan), Bakı və Yerevan (Ermənistan) rusiyalı turistlər arasında noyabrın ilk ongünlüyündə səyahət edəcəkləri ən populyar MDB şəhərləridir.
Tvil.ru-nun məlumatına görə, Rusiya turistləri Azərbaycanın paytaxtına noyabr tətili vaxtı orta hesabla 3,5 günlüyə gələcəklər və təqribən sutkada 2,9 min rubl xərcləyəcəklər.
Müqayisə üçün deyək ki, rus turistlər Minskə 2,5 günlüyə (sutkası 3 min rubl), Tbilisiyə 4 günlüyə (sutkası 5 min rubl), Astanaya isə 2 günlüyə (sutkası 3,5 min rubl) getməyə üstünlük veriblər.
Tvil.ru Rusiyanın otellərin, mənzil və qonaq evlərinin on-line bronlaşdırılması ilə məşğul olan aparıcı saytlarından biridir. Ayda 2 milyondan çox adam Tvil.ru saytını ziyarət edir. Burada istirahətə getmək istəyənlər üçün 50 min variantda yaşayış yeri və səyahət məkanı təklif edilir.