BAKI, 19 oktyabr — Sputnik. Rusiya Ukrayna ilə konstruktiv dialoqu bərpa etməyə hazırdır, Rusiya üçün sərhədində heç bir münaqişə gərək deyil.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.
“Gəlin konstruktiv, məzmunlu, diplomatlar demişkən, substantiv dialoqa qayıdaq. Biz hazırıq, bunu böyük məmnuniyyətlə edəcəyik, bu nə qədər tez baş versə, o qədər yaxşıdır” — deyə Putin vurğulayıb.
“Rusiya Ukraynanın simasında dost dövlət görmək istəyir” — deyə Rusiya dövlət başçısı əlavə edib.
Rusiya prezidenti həmçinin "universal legitimliyə malik olan BMT-yə bugünkü gündə alternativ olmadığını" deyib.
“BMT beynəlxalq sistemin mərkəzi olaraq qalmalıdır, təşkilatın nüfuzunun və səmərəliliyinin artırılması isə ümumi vəzifə olmalıdır. BMT-yə bu gün alternativ yoxdur” — deyə Rusiya lideri qeyd edib.