BAKI, 19 oktyabr — Sputnik. "İsveçdə keçiriləcək parlament seçkilərinə müdaxiləyə hazırlaşdığımız barədə yayılan xəbərlər gülüncdür". Sputnik xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Gündəmi mütəmadi izləyən və ağlı başında olan hər kəs, ortaya atılan iddiaların nə qədər gülünc olduğunu bilir. Bizim qonşu İsveç hökumətilə yaxşı əlaqələrimiz var və bunun davamını istəyirik" — rusiyalı nazir bildirib.
Xatırladaq ki, bəzi İsveç rəsmiləri verdikləri bəyanatlarda, Rusiyanın 2018-ci ildə keçiriləcək seçkilərə müdaxiləyə hazırlaşdığını iddia ediblər.