BAKI, 18 oktyabr — Sputnik. Moskvada taksi sürücüsü işləyən Ermənistan vətəndaşı, 29 yaşlı Vaan Karapetyan müştərisini zəhərləməkdə təqsirli bilinərək, azadlıqdan məhrum edilib. Sonradan işin araşdırılması zamanı, onun digər şəxslərin öldürülməsində əli olduğu ilə bağlı şübhələr meydana çıxıb.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, taksi sürücüsünün kirayədə yaşadığı mənzildə aparılan axtarış nəticəsində, 20 ədəd cib telefonu, 190 ədəd güclü psixotrop klozapin həbi və 98 ədəd qol saatı aşkarlanıb.
Karapetyan Rusiya Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkənin ölümünə şərait yaratmaq, sağlamlığa xəsarət yetirmək və sağlamlığa ağır zərər yetirməklə qarət maddələri ilə ittiham olunub. O, bu il iyunun 30-da radioaparıcı Artur Bitovun ölüm faktı üzrə cinayət məsuliyyətinə cəlb edilib. 2017-ci il oktyabrın 16-da Karapetyan Moskva ətrafında tutulub və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Həmin ərəfədə Bitovu küçədə uzanmış vəziyyətdə tapıblar. Ekspertiza onun orqanizmində zəhər aşkarlayıb.
Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəhbərinin köməkçisi Yuliya İvanova bir müddət əvvəl bildirib ki, bu il aprelin 9-da Moskvada Dvintesa küçəsində, üzərində xəsarətlər olan 51 yaşlı kişi meyiti aşkarlanıb. Ekspertiza onun etil spirti və psixotrop preparatdan zəhərləndiyini müəyyən edib.
İstintaqın məlumatına görə, V. Karapetyan 2015-ci ildən taksi fəaliyyəti ilə məşğul olub. O, 2015-ci ildən "Mercedes" markalı avtomobili ilə taksi xidməti göstərirmiş. Onun müştərilərinə psixotrop maddələr verərək zəhərlədiyi və onları qarət etdiyi məlum olub.
Rusiya KİV-ləri bu taksi sürücüsünün Moskvada 100-dən artıq şəxsi öldürdüyünü ehtimal edir.