BAKI, 16 oktyabr — Sputnik. Rusiya öz kriptovalyutasını — kriptorublu buraxacaq.
"Report" "Investing.com" saytına istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov Moskva paytaxt klubunun qapalı iclasında çıxış edib.
Nazirin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsüdür.
N.Nikiforov bildirib ki, Rusiya kriptovalyutası ən tez zamanda yaradılmalıdır: "İnamla bildirirəm ki, kriptorubl yaradılacaq. Bir səbəbi açıqlaya bilərəm ki, biz bunu tez bir zamanda etməsək, 2 aydan sonra bunu bizim Avrasiya İqtisadi Birliyindən olan qonşularımız edəcək".
Nazir əlavə edib ki, kriptorublun alqı-satqısından əldə olunan gəlirdən 13% vergi tutulacaq. Həmçinin, əgər kriptorubl sahibi onu haradan əldə etdiyini açıqlaya bilməsə, rubla çevirdikdə ümumi həcmin 13%-i qədər vergi ödəyəcək. Kriptorublun yaradılması bitkoin və s. kriptovalyutaların leqallaşması mənasını daşımayacaq.