BAKI, 16 oktyabr — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə birgə prezidentlər İlham Əliyev ilə Serj Sarkisyanın bu gün Cenevrədə keçirilən görüşünün yekunlarına dair bəyanat yayıblar.
Sputnik Azərbaycan xəbər verir ki, vasitəçilər görüşün konstruktiv ab-havada keçdiyini qeyd ediblər.
"Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər" — deyə, bəyanatda bildirilib.