BAKI, 7 oktyabr — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) regiona səfərinin yekunlarına dair bəyanat yayıblar.
Sputnik Azərbaycan-ın məlumatına görə, bəyanatda qeyd olunub ki, bu səfərin məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq və onun gündəliyinin hazırlanması olub.
"Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını təsdiq ediblər. Tərəflər prezidentlərin qarşıdakı görüşü barədə yaxın gələcəkdə məlumat verəcəklər" — vasitəçilərin bəyanatında deyilir.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, 7-də isə Bakıda görüşlər keçiriblər.