BAKI, 5 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Kremldə Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizi qəbul edib. Sputnik xəbər verir ki, görüş Səudiyyə Ərəbistanından Rusiyaya kral səviyyəsində ilk səfər olduğu üçün tarixi əhəmiyyət daşıyır.
Kral Salmanı Moskvada görməkdən məmnun olduğunu deyən Putin, bu səfərin iki ölkə əlaqələrində dönüş nöqtəsi ola biləcəyini qeyd edib.
"İki ölkə əlaqələrinin tarixinə baxanda görürük ki, bu Səudiyyə Ərəbistanından Rusiyaya kral səviyyəsində ilk səfərdir. Bu özü başlı-başına dönüş nöqtəsi deməkdir. İnanıram ki, münasibətlərimizdə də bu cür olacaq. Onsuz da əlaqələrimiz uzun keçmişə söykənir" — Putin bildirib.
Vladimir Putin daha sonra qeyd edib ki, Səudiyyə Ərəbistanını tanıyan ilk ölkə məhz SSRİ olub: "Xatırladım ki, 1926-cı ildə cənab Salmanın babası Səudiyyə Ərəbistanı krallığını elan edəndə, onları rəsmi şəkildə ilk tanıyan ölkə Sovetlər İttifaqı olub. Sizi burada qəbul etməkdən böyük şərəf duyuruq. Əminəm ki, ziyarətiniz hökumətlərarası əlaqələrin inkişafı baxımından güclü təkan olacaq".
Öz növbəsində Kral Salman bin Əbdüləziz, Rusiya prezidentinə sözlərinə görə təşəkkür edib. O, dünyada sülh və təhlükəsizlik üçün Moskva ilə əlaqələri möhkəmləndirmək istədiklərini deyib.
"Dost ölkə Rusiyada olmaqdan məmnunuq. Qlobal sülh və təhlükəsizlik şəraitində iqtisadiyyatın inkişafı üçün ikitərəfli əlaqələri inkişaf etdirmək niyyətindəyik" — kral əlavə edib.