BAKI, 4 oktyabr — Sputnik. Bu il sentyabrın 8-də Moskva şəhərində Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill həzrətlərinin təşəbbüsü və vasitəçiliyi ilə erməni dini lideri ilə görüşümüz baş tutdu. Bu görüş 1988-ci ildən — Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanan zamandan etibarən analoji formatda keçirilən görüşlərin davamı idi.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə AZƏRTAC-a müsahibəsində deyib.
O, bildirib ki, Rus Pravoslav Kilsəsinin mərhum başçısı II Aleksinin vasitəçiliyi ilə başlanmış, o vaxtlar erməni katalikosları olmuş Vazgen və I Qareginlə danışıqlarımızın ən mühüm nəticəsi münaqişənin dini qarşıdurma müstəvisinə keçməsinə imkan verməmək idi: "Mənim üçün hissi yükü nə qədər çətin və ağır olsa da, dini lider olaraq bu məsuliyyəti və Uca Yaradan qarşısında mənəvi borcumu dərk edərək uzun illər ərzində bu missiyanı yerinə yetirmişəm. Bütün səmavi dinlər insanlara dinc yanaşı yaşamağı, əmin-amanlıq naminə əməkdaşlığı və qarşılıqlı ehtiramı təlqin edir. Yaradanımız, xalqlarımız qarşısında missiyamız bizim — dini liderlərin üzərinə sülh, mərhəmət və mövcud problemlərin ədalətli həlli naminə səy göstərmək məsuliyyəti qoyur".
Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, hər bir görüş, kiçik də olsa, irəliyə addımdır: "Biz hər zaman bəyan edirik ki, Azərbaycan və erməni xalqları bir-biri ilə qonşu olaraq yaşamalı olacaqlar. Odur ki, sülh və əməkdaşlıqdan başqa bir perspektiv yoxdur. Belə bir vəziyyətdə biz, dini liderlər olaraq, xalqlarımızın gələcəyi naminə birgə cavablar axtarmağa məsuluq. Bir ruhani kimi ilahi dəyərlər işığında ziddiyyətlərin, münaqişənin ədalətlə, sülh yolu ilə həlli üçün səylərimizi birləşdirməliyik. Bu, ilk növbədə, humanitar problemləri ehtiva etməlidir. Məsələn, budəfəki görüş zamanı Patriarx Kirillin təklifi ilə münaqişənin günahsız qurbanları olan, hərbi əməliyyatlarda iştirak etməyən əsir düşmüş dinc insanların azad edilməsinə nail olmaq üçün səy göstərmək vəzifəsi müəyyənləşdirildi. Daha sonra məscid, məbəd və digər müqəddəslik kəsb edən abidələrin qarşılıqlı şəkildə müdafiəsi və toxunulmazlığı məsələsini qaldırdıq. Həmçinin gənclərimizin ənənəvi mənəvi-əxlaqi dəyərlər zəminində sülhsevərlik, qarşılıqlı ehtiram ruhunda tərbiyəsinin vacibliyi vurğulandı. Gərgin keçən görüşdə bir çox arqumentlər səsləndi, qarşılıqlı iddialar oldu. Erməni tərəfi bizim təkliflərimizlə çox çətinliklə razılaşırdı, danışıqlar prosesini pozmağa çalışırdı. Lakin bölgədə qan tökülməsinin qarısını almaq, münaqişənin ədalətli sülh yolu ilə həllini reallaşdırmaq naminə bütün mümkün imkanlardan istifadə etmək məramı hər şeydən daha mühümdür".
"Bu məram naminə istənilən yol caizdir, hər atılan addım xeyrə vəsilədir. Bu baxımdan, üçtərəfli görüşləri önəmli sayıram. Rus Pravoslav Kilsəsinin başçısı Patriarx Kirill həzrətlərinə vasitəçilik, sülhyaratma missiyasına görə minnətdarıq"-deyə A.Paşazadə bildirib.