BAKI, 27 sentyabr — Sputnik. Rusiyanın Krasnoyarsk vilayətinin qubernatoru Viktor Tolokonski istefa verib. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, bunu əyalət parlamentinin vitse-spikeri Aleksey Kleşko deyib.
"İstefa verən Tolokonskinin yerinə, böyük ehtimalla Elmi Təşkilatlar Federal Agentliyinin sədri Mixail Kotyukov gələcək" — deyə məlumat yayılıb.
Xatırladaq ki, prezident Vladimir Putin bundan əvvəl Nijeqorod vilayətinin qubernatoru Valeri Şantsevi və Samara vilayətinin rəhbəri Nikolay Merkuşkini istefaya göndərmişdi.
Xəbər verdiyimiz kimi, bu gün Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov öz istəyi ilə işdən azad olunması üçün ərizə yazıb. Bildirilir ki, Dağıstan lideri bir qrup qubernatorun işdən azad edilməsi ilə əlaqədar vəzifədən uzaqlaşdırılır.
Ərizəni yazmazdan öncə R. Abdulatipovu təcili olaraq Kremlə çağırıblar. İddia olunur ki, onunla istefa məsələsini və yerinə kimin təyin olunacağını müzakirə etmək istəyiblər.
Mənbə bildirir ki, R. Abdulatipova bir neçə iş təklif olunub: "Bu, onun üçün gözlənilməz oldu. Ramazan Abdulatipov ömrünün axırına kimi vəzifəsində çalışacağını düşünürdü".