QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Şagirdlər həyətlərindən topladıqları mərmiləri məktəbə gətirirlər ki..."

© Sputnik / Ramil IbrahimovQapanlı kənd tam orta məktəbinin hərbi hazırlıq fənn otağındakı əl qumbaraları
Qapanlı kənd tam orta məktəbinin hərbi hazırlıq fənn otağındakı əl qumbaraları - Sputnik Azərbaycan
Abunə olmaq
"Hər bir şagird səhər dərsə gələndə çalışır ki, dünən atılan silah barədə nəsə bir məlumat öyrənsin"

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Çingiz İsayev 1988-ci ildə Estoniyada ali hərbi məktəbi bitirib. 1992-ci ilə qədər keçmiş SSRİ-nin silahlı qüvvələrinin tərkibində, Rusiya və Qazaxıstanda xidmət edib. Xocalıda törədilən soyqırımdan sonra, Birinci Qarabağ Müharibəsinin ağır vaxtlarında Sovet ordu sıralarını tərk edərək Azərbaycana gəlib, yeni formalaşan Azərbaycan Ordusunda zabit kimi xidmətə başlayıb. Həmin vaxtdan da Ağdam və Tərtər rayonları istiqamətindəki döyüşlərdə aktiv iştirak edib.

© Sputnik / Ramil IbrahimovMayor Çingiz İsayev
Mayor Çingiz İsayev - Sputnik Azərbaycan
Mayor Çingiz İsayev

Sputnik Azərbaycan-a danışan İsayev deyir ki, 10 il Azərbaycan Ordusunda xidmət keçəndən sonra ordudan tərxis olunub. Amma sevdiyi peşəsindən uzaq qalmaq istəmir. "Vətənə xidmət ömür boyu olmalıdır" deyən müharibə veteranı, yiyələndiyi hərbi bilikləri, gənc nəslə ötürməyi özünə borc bilir.

Mayor Çingiz İsayevə görə, hələ müharibə bitməyib və qələbə üçün vətənə hərbçi lazımdır. Bu səbəbdən də, əvvəlcə Tərtərin İsmayılbəyli kənd orta məktəbində, daha sonra isə birbaşa təmas xəttində yerləşən Qapanlı kənd orta məktəbində gənclərin hərbi xidmətə hazırlıq fənni üzrə dərs deyərək peşəsini davam etdirir.

"Mən bu gün öz işimi hərbi xidmətin davamı kimi düşünürəm. Uzun illər döyüşlərdə olan bir hərbçi kimi bu gün də cəbhədən uzaq qala bilməzdim. Bəlkə də elə buna görə, tale, peşəmi yenidən davam etdirmək üçün məni cəbhə xəttinə yaxın yerləşən Qapanlı kəndinə gətirib çıxarıb. Burada işləmək də mənim üçün fəxrdir" – o bildirir.

14 ildir ekstremal şəraitdə şagirdlərə təhsil verməyə alışmış həmsöhbətimiz deyir ki, vaxtaşırı cəbhədə baş verən toqquşmalar dərs prosesinə birbaşa təsir edir. "Uşaq psixologiyası fərqlidir" deyən təcrübəli pedaqoqun sözlərinə görə, bütün bunlar bəzi şagirdlərdə qorxu hissi, bəzilərində isə düşmənə nifrət hissini gücləndirir: "Bəlkə də cəbhə xəttinin yaxınlığında yaşamaq, təhsil almaq buradakı şagirdlərin hərbi peşəyə olan marağının daha da artmasına səbəb olur".

© Sputnik / Ramil IbrahimovQapanlı kənd tam orta məktəbinin binası
Qapanlı kənd tam orta məktəbinin binası - Sputnik Azərbaycan
Qapanlı kənd tam orta məktəbinin binası

"Mən bir məsələni qeyd edim ki, artıq 10 ilə yaxındır, bizim məktəbin məzunlarından hər il ən azı bir nəfər ali hərbi məktəbə daxil olur. Həyətlərindən topladıqları güllələri gətirirlər çox vaxt, soruşurlar ki, "müəllim, bu, nə gülləsidir, nə qədər məsafəyə uçur güllə". Maraqlanırlar silah-sursatla" — Çingiz müəllim qeyd edir qeyd edir.

Dediyinə görə, hər bir şagird səhər dərsə gələndə çalışır ki, dünən atılan silah barədə nəsə bir məlumat öyrənsin: "Burada həm hərbi peşəni, həm də belə şəraitlərdə necə davranmaları lazım gəldiyini öyrətməyə çalışıram".

Təcrübəli hərbçi bir sıra çatışmazlıqlara da toxunur. Bəzi əyani vəsaitlərin və təlim silahlarının çatışmadığından gileylənir: "Mən bir hərbçi kimi düşünürəm ki, təlim silahları olsa, şagirdlərə silahın hissələri barədə praktiki olaraq məlumat verə bilərik. Əlbəttə ki, maketlər üzərində. Nəzəri tərəfini öyrədirik. Amma əyani vəsaitlər daha çox olsa yaxşı olar".

© Sputnik / Ramil IbrahimovMayor İsayev: Müharibə hələ bitməyib
Mayor İsayev: Müharibə hələ bitməyib - Sputnik Azərbaycan
Mayor İsayev: Müharibə hələ bitməyib

Çingiz müəllimin ən böyük arzusu dinc şəraitdə şagirdlərinə təhsil verməkdir. Ötən il dərs dediyi 15 nəfər 11-ci sinif şagirdindən 6-sı ali məktəbə daxil olub. Onların da biri hərbi akademiyaya girib. Ancaq o, bunu nə şagirdləri, nə də çalışdığı məktəb üçün ciddi uğur hesab etmir. 15 ildir şəxsiyyət yetişdirən Ç. İsayevə görə, ciddi uğura aparan yol mərmi səslərindən uzaq dinc şəraitdə təhsil almaqdan keçir. Ona görə də, şagirdlərinə ilk növbədə dinclik lazımdır.

Xəbər lenti
0