BAKI, 25 sentyabr — Sputnik. Rusiyanın hüquq mühafizə orqanları Krasnodar diyarının Kuban şəhərində, hannibalizmlə məşğul olan ailə haqqındakı məlumatları dəqiqləşdirir. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu gün sosial şəbəkələrdə, 30-dan çox insanı qətlə yetirməkdə şübhəli bilinən ailənin saxlandığı barədə xəbərlər yayılıb.
Hüquq-mühafizə orqanları ər-arvadın insanları oğurlayaraq qətlə yetirdiyini, daha sonra qalıqlarından konserv hazırladıqlarını müəyyən edib. Qətlə yetirilənlərin cəsədlərinin bir hissəsi şübhəli şəxslərin evindəki soyuducuda tapılıb. Adamyeyən ər-və arvadın 1999-ci ildən indiyə qədər 30-dan çox adamı yediyi bildirilir.
Bu cinayət fəhlələrin sentyabrın 11-də Krasnodarın Repin küçəsindən mobil telefon tapması ilə üzə çıxıb. Həmin telefonda 35 yaşlı yerli sakinin naməlum qadın cəsədinin hissələri ilə fotosu olub. Cəsədin qalıqları səhəri gün Dzerjinski adına Hərbi Aviasiya Məktəbinin ərazisində tapılıb. Ərazidə paket və insan cəsədinin hissələri olan vedrə aşkarlanıb.
Bundan başqa, telefonda, tutulan ər-arvadın qətlə yetirdikləri insanların müxtəlif bədən üzvləri ilə selfiləri aşkarlanıb. Mətbuat hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazır ki, telefonun sahibi iki qətli etiraf edib. Şəkil çəkdirdiyi bədən hissələrinin sahibindən başqa, o, 2012-ci ildə daha bir nəfəri qətlə yetirdiyini deyib.
"Hələlik bu informasiya təsdiqlənməyib. Amma hazırda hüquq-mühafizə orqanları, içində konservləşdirilmiş əllərin olduğu bankanı tapıblar. İtirilmiş telefonun sahibinin sözlərinə görə, bu, onun selfi çəkdirdiyi əllərdən birindən hazırlanmış konservdir" — deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.