BAKI, 22 sentyabr — Sputnik. Sabah Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ABŞ-da bir araya gələcəklər. Görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində baş tutacaq.
Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü mətbuata qapalı keçiriləcək.
Sözsüz ki, danışıqlarda əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli yolları olacaq. Ekspertlər sabahkı görüş və mümkün nəticələri barədə Sputnik Azərbaycan-a danışıblar.
Keçmiş dövlət müşaviri Qabil Hüseynli, Ermənistan prezidentinin BMT Baş assambleyasındakı çıxışının onda pessimist təsir yaratdığını söyləyib:
"Açığı sabahkı görüş barədə mən pessimistəm. Serj Sarkisyanın BMT-dəki çıxışından sonra pessimistlik daha artıb. Görünür ki, Ermənistan tərəfi danışıqlara meylli deyil. İşğalçı ola-ola yeni cəfəng iddialar səsləndirirlər. Onlar Dağlıq Qarabağ haqda danışanda hökmlər bildirirlər ki, azərbaycanlılar heç zaman Qarabağı görməyiblər. Bu, Sarkisyanın çıxışında olan müddəalardır".
"Əlbəttə xarici işlər nazirlərinin görüşməsi əhəmiyyətlidir. Ancaq müzakirə prosesində irəliləyiş olacaq ya olmayacaq, bunu söyləmək çətindir. Çünki XİN başçıları bir araya gələndə adətən prezidentlərin görüşünü hazırlayır. Ciddi müzakirələr üçün ekspertlər səviyyəsində hazır sənədlər olmalıdır. Zənnimcə belə sənədlər indi yoxdur" — Qabil Hüseynli bildirib.
Mövzunu Sputnik Azərbaycana politoloq Fikrət Sadıxov da şərh edib. O, BMT kimi nüfuzlu beynəlxalq təşkilat meydançasında belə bir görüşün keçirilməsini vacib sayıb:
"Bu görüş çoxdan baş tutmalıydı. Amma Ermənistanın qeyri-konstruktiv, beynəlxalq hüquqa zidd siyasəti ucbatından baş tutmadı. Əlbəttə ki, belə nüfuzlu beynəlxalq təşkilat meydançasında belə bir görüşün baş tutması, müəyyən müzakirələrin aparılması vacibdir. Ancaq bir şərtlə, o da hansısa irəliləyişin əldə olunmasıdır. Ermənistan tərəfi irəliyə doğru addım atmalıdır. Eşitdik ki, Nalbandyan, beş rayonun qaytarılmasından danışıb. Bilmirəm bu ritorik bəyanatdı ya həqiqətə uyğundur, biraz müəmmalıdır".
"Əgər konkret tələblər çərçivəsində müzakirələr davam etsə, hansısa nəticə ola bilər. Çox təəssüflər olsun ki, aparıcı dövlətlərin Ermənistana təzyiqə ya gücü çatmır ya da istəyi yoxdur. Azərbaycan gec ya tez, bu problemi öz gücü və öz vasitələri ilə həll etməlidir" — F.Sadıxov qeyd edib.