BAKI, 21 sentyabr — Sputnik. Bu gün "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük qayıdışın başlanğıcı — Cocuq Mərcanlı" filminin təqdimat mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov önəmli açıqlamalar verib.
"İşğaldan azad edilən Cocuq Mərcanlı ilə bağlı görülən işlərdə məqsəd — dünya ictimaiyyətinə erməni işğalından azad edilmiş bir kəndin vəziyyətini çatdırmaq idi. Biz buna nail olduq. Cənab Prezidentin tapşırığı var ki, o kənddə nə baş versə, hamısı qeydə alınmalıdır. Və gedən proseslər bundan sonra da kitab şəklində hazırlanmalıdır" — Komitə sədri bildirib.
Mərasimdə çıxış edən millət vəkili Bəxtiyar Sadıqov "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabı haqqında məlumat verib. O bildirib ki, kitabda tanınmış politoloqların, siyasətçilərin, müxtəlif sahələrdə çalışan insanların rəyi ilə yanaşı, baş verən hadisələrə beynəlxalq qiymətin izləri də yer alıb.
"Bir çox ölkələrin Azərbaycandakı səfirləri Cocuq Mərcanlıda olub, gördüklərini xarici mətbuata bildiriblər. Kitabda bu da yer alıb. Bütün bunlarla yanaşı, Cocuq Mərcanlının əvvəlki və indiki vəziyyəti də kitabda yer alıb" — Sadıqov vurğulayıb.
Daha sonra "Böyük qayıdışın başlanğıcı — Cocuq Mərcanlı" filmi nümayiş etdirilib. Tədbirdə, həmçinin Cocuq Mərcanlını heç vaxt tərk etməyən və buna görə "Əmək Ordeni" ilə təltif edilən Oktay Həziyev də çıxış edərək, yaşadığı vəziyyət haqqında danışıb.
Tədbirdə hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri də iştirak edirdilər.