BAKI, 19 sentyabr — Sputnik. Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi öldürməkdə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov polisə könüllü təslim olub. Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Xatırladaq ki, cari il avqustun 20-də, qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçev arasında, Xabarovsk şəhərinin "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A. Draçev xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.
Allahverənovun qohumlarının sözlərinə görə, Andrey Draçev Anarı itələyib, onu "çuşka" adlandırıb. Onların arasında mübahisə yaranıb və Andrey bir daha Anarı küçə ifadələri ilə təhqir edib. Bundan sonra Anar dünya çempionunu təkbətək davaya çağırıb. Otuz iki yaşlı Draçev karyerası başa çatandan sonra bodibildinqlə məşğul olurmuş.
Sonradan soydaşımız beynəlxalq axtarışa verilib. Hətta, Rusiya Daxili İşlər Nazirliyi onun yerini xəbər verənə pul mükafatı da vəd edib. Ayrıca, təqsirləndirilən şəxsə qarşı məhkəmə tərəfindən qiyabi həbs-qətimkan tədbiri seçilib.
Bəs o Azərbaycana ekstradisiya edilə bilərmi?
Hüquqşünas Asif Abdullayev Sputnik Azərbaycan-a bildirib ki, cinayət törətmiş şəxslərin verilməsi, hər ölkənin daxili qanunları ilə, həmçinin də, həmin ölkənin qoşulmuş olduğu beynəlxalq müqavilələrlə tənzimlənir: "Azərbaycanda olduğu kimi, Rusiya qanunvericiliyi də, öz vətəndaşının xarici ölkəyə ekstradisiya edilməsini qadağan edir. Bu isə o deməkdir ki, əgər Anar Allahverənov Rusiya vətəndaşıdırsa, onun Azərbaycana verilməsi mümkün olmayacaq. Rusiya və Azərbaycan 1957-ci il tarixli Ekstradisiya haqqında konvensiyaya qoşulublar. Konvensiyanın şərtlərinə əsasən, konvensiyanın icrası məqsədi ilə, onun üzvləri müəyyən öhdəliklər götürüblər. Konvensiyanın 1-ci maddəsinə əsasən, konvensiyanı imzalamış tərəflər sorğu verən tərəfin səlahiyyətli orqanlarının hər hansı cinayətə görə barəsində cinayət təqibini həyata keçirdikləri yaxud göstərilən orqanların hökmün və ya həbs barədə qərarın icrası üçün axtardıqları bütün şəxsləri bu Konvensiyada şərh olunmuş müddəa və şərtlərə riayət etmək şərti ilə bir-birinə verməyi öhdələrinə götürürlər".
Ekspert bildirir ki, Rusiya ərazisində cinayət törətmiş şəxsin verilməsinə mane olan hallar (cinayətin Rusiya vətəndaşı tərəfindən törədilməsi, siyasi cinayət və sair) müəyyən edilmədiyi təqdirdə, Anar Allahverənovun Azərbaycana verilməsi mümkün ola bilər.