Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 15 sentyabr — Sputnik. Son 2 ildə pambığın alış qiymətinin artması bölgədə fəaliyyət göstərən fermerlərin bu sahəyə olan marağını artırıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ötən mövsüm Tərtər rayonunda 1300 ha ərazidə çiyid səpini aparılmışdısa, bu il pambıq əkilən sahələr 3100 ha-dan çoxdur. Amma rayonun əkin sahələrinin bir qismi cəbhə xəttində yerləşdiyindən məhsulun yığımında problemlər yaranıb.
Səxavət Cabbarov Tərtərin cəbhə xəttində yerləşən Yuxarı Qaradağlı kəndindəndir. Tədarükçü şirkətlə bağladığı müqavilə əsasında, 14 ha sahədə pambıq yetişdirib. Təxmininə görə, becərdiyi sahələrdən 40 sentnerdən yuxarı məhsul əldə etmək mümkündür.
Tarlasının 2 hektarından məhsulun toplanmasında problem olmasa da, torpaq sahibi digər 12 ha sahədə pambığı yığa bilmir. Səbəb həmin əkin sahəsinin birbaşa təmas xəttində yerləşməsi və qarşı tərəfdən aydın müşahidə edilməsidir.
"Gündüz saatlarında sahəyə kombayn salsam, düşmən texnikanı atəşə tutacaq. Bizim ailənin yeganə dolanışığı torpaqdır. Becərməliyik ki, qazanc götürək. Təhlükəli də olsa, qorxa-qorxa da olsa, gecələr əkmişik. Mənlə birlikdə bütün ailəm gözləmişik ki, hava qaralsın, gedib becərək" — deyir S. Cabbarov.
"Min bir əziyyətlə ərsəyə gəlib. Yaxşı da məhsul var. Amma tarlaya girmək təhlükəlidir. Bilirəm ki, oraya kombayn girsə, ermənilər atacaqlar. Əvvəllər dəfələrlə taxıl biçəndə, yaxud başqa məhsullar əkib-yığanda gülləyə tutublar" — o, əlavə edir.
Fermer həmin ərazidə məhsulu əl yığımı ilə toplamağın da təhlükəli olduğunu deyir. İnsanlarin atəşə məruz qalacağı qorxusu var. Üstəlik yay boyunca işğal altındakı ərazilərdə törədilən yanğınlar sürünənlərin əkin sahələrinə keçməsinə səbəb olub. Bu da əl yığımını çətinləşdirir, risk yaradır.
Səxavət Cabbarov, bir həftə ərzində yığıma başlanılmasa, məhsulun zay olacağını bildirir: "Zavoda 10 min manat borcum var. Məhsulu yığıb, təhvil verməliyəm ki, həm borcumu bağlayım, həm də qazanc götürüm. İndi o pambığı yığıb verməsəm, 10 min manat qalacaq mənim öhdəmdə. Kənd bələdiyyəsinə xəbər vermişəm, görək nə kimi köməklik edə biləcəklər".
Problemlə bağlı əlaqə saxladığımız kənd icra nümayəndəsi Lətif Həmidovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, hazırda Qapanlı və Yuxarı Qaradağlı kəndləri ərazisində 16 hektara yaxın əkin sahəsi birbaşa təmas xəttində yerləşir: "Həmin sahələrdən məhsulun toplanması zamanı təhlükəsizliyin təmin edilməsində vasitəçilik etməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli ofisinə müraciət etmişik. Əgər müraciətə müsbət cavab verilərsə, cəmiyyətin vasitəçiliyi ilə 2 gün ərzində həmin sahələrdən məhsulu kombaynlar vasitəsiylə yığmaq mümkün olacaq".
"Bu insanlar tarlaya xərc qoyublar. Bildiyiniz kimi, Tərtər rayonunun əkin sahələri əvvəllər Sərsəng Su Anbarı vasitəsilə suvarılıb. İndi su anbarı işğalda olduğundan, suyun da qarşısı kəsilib" — icra nümayəndəsi bildirib.
O, qeyd edib ki, çətinliklə də olsa, əhali subartezianlar vasitəsilə pambığını suvarıb, becərib, ərsəyə gətirib: "Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciətimizə müsbət cavab verilsə, qısa müddətdə, heç olmasa, birinci üzü yığıb, çıxmaq olar".
L. Həmidov onu da əlavə etdi ki, əgər Komitə tərəfindən müraciətə müsbət cavab verilməsə, məhsulun zay olmaması üçün, havanın qaralmasını gözləyib, əl yığımı ilə toplamağa məcbur olacaqlar.