BAKI, 12 sentyabr — Sputnik. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Mixail Zabelin və Rövşən Rzayev "Qafqazın yeni geosiyasətinə doğru" mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün sentyabrın 12-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, konfrans Rusiya-Azərbaycan münasibətlərinin hazırki durumu və gələcək perspektivlərinin dəyərləndirilməsi, xüsusilə Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərinə həsr olunub.
Tədbir iştirakçıları Azərbaycanın beynəlxalq siyasətdə rolu, Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsi, regiondakı mövcud problemlərin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, habelə mədəniyyət, təhsillə bağlı məsələləri müzakirə edəcəklər.
Səfər sentyabrın 16-da başa çatacaq.