Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Orta Ural Xalqları Günü qeyd olundu

© Photo : AZƏRTAC"Азербайджанский культурный центр" — на Дне народов Среднего Урала
Азербайджанский культурный центр — на Дне народов Среднего Урала - Sputnik Azərbaycan
Abunə olmaq
Orta Ural Xalqları Günü Sverdlovsk vilayəti ərazisində yaşayan bütün xalqlar üçün çox əlamətdar və parlaq bayramdır

BAKI, 9 sentyabr — Sputnik. Yekaterinburqda Orta Ural Xalqları Günü keçirilib. Bu bayramın məqsədi — millətlərarası həmrəyliyini möhkəmlətmək, regionda təmsil olunmuş xalqların mədəniyyətini və ənənələrini nümayiş etdirməkdir. Bayram şənliyində əsas hadisələr Yekaterinburqdakı "Taqanskaya sloboda" adlı ailəvi istirahət parkında cərəyan edib.

Sverdlovsk vilayətindəki "Azərbaycan Mədəniyyət Mərkəzi" İctimai Təşkilatının (SVİT) mətbuat xidmətinin rəhbəri Aysel Şıxlinskaya Sputnik Azərbaycan-a bildirib ki, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, Yekaterinburq Administrasiyasının rəhbəri Aleksandr Yakob, RF Federal Məclisinin Federasiya Şurasının üzvü Arkadi Çernetski, Sverdlovsk vilayətində İnsan Haqları üzrə müvəkkil Tatyana Merzlyakova, Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu vəzifəsini icra edən İlqar İsgəndərov, nazirlər, vilayət və şəhər dumalarının deputatları və başqaları tədbirdə iştirak ediblər.

Parlaq, genişmiqyaslı bayram şənliyində Yekaterinburqun və vilayətin milli-mədəni cəmiyyətlərinin və muxtar qurumlarının nümayəndələri, beş minə yaxın sakin və qonaq toplaşıb.

Sverdlovskdakı "Azərbaycan" adlı Vilayət İctimai Təşkilatı Azərbaycan diasporunu hər il ən yüksək səviyyədə təmsil edir. Bu il Azərbaycan diasporunun nümayəndələri parkda Bakının rəmzləri sayılan İçərişəhərin və Qız qalasının maketlərini düzəldiblər. Ölçülərinə görə diqqəti cəlb edən bu tikili tamaşaçıların çox xoşuna gəlib. Qalanın içəri hissəsi Azərbaycan xalçaları, milli məmulatlar və suvenirlərlə bəzədilmişdi.

Azərbaycan həyəti ərazisində təşkil edilmiş zəngin Azərbaycan süfrəsi də qonaqları sevindirib. Bayram şənliyinin iştirakçılarının, sözün həqiqi mənasında, Azərbaycan ab-havasını hiss etmələri üçün Bakıdan buraya xüsusi reyslə meyvələr, tərəvəzlər, şirələr, şərablar, növbənöv mürəbbələr, quru meyvələr, hətta su da gətirilib.

Tədbir iştirakçıları tərəfindən hazırlanmış Azərbaycan mətbəxinin firma nümunələri arasında dolma, çığırtma, ləvəngi, müxtəlif qutablar, küftə və başqa yeməklər vardı. Belə bolluq içində qonaqların dequstasiya seçimi etməsi o qədər də asan deyildi. Lakin ümumi fikrə görə, neçə minillik tarixə malik olan Azərbaycan mətbəxinin ənənəvi yeməyi şah plov favorit olub. Müxtəlif bişintilər — badambura, qurabiyə, paxlava, şəkərbura, mütəkkə düzülmüş şirniyyat süfrəsini ayrıca qeyd etməyə dəyər. Xalqımızın zəngin ənənələrinə, çox müxtəlif şirniyyatlara heç kəs laqeyd qala bilməyib. Məxsusi bu bayram münasibətilə hazırlanmış, üzərində "Rossiya i Azerbaydjan – drujba na veka" sözləri yazılmış tort da diqqəti cəlb edib.

Sverdlovsk vilayətinin qubernatoru bir-birindən ləziz olan bu yeməklərin dadına baxaraq qeyd edib ki, Azərbaycan mətbəxi haqlı olaraq dünyada ən dadlı və doyumlu mətbəxlərdən biri hesab edilir.

"Azərbaycan evi"nin qonaqları bütün şənlik müddətində xalq rəqslərini öyrənməyə cəhd göstərib, "Oqni Baku" yaradıcı kollektivin, istedadlı ifaçı Emil Mahmudovun ifasında Azərbaycan musiqisi ilə tanış olublar. Azərbaycanın ən geniş yayılmış rəqslərindən biri hesab edilən "Yallı"da hərəkətlər sadə olsa da, öz ritmi ilə insanı şövqə gətirməsi qeyd olunub.

Sverdlovsk vilayətindəki "Azərbaycan" İctimai Təşkilatının sədri Şahin Şıxlinskinin sözlərinə görə, Orta Ural Xalqları Günü Sverdlovsk vilayəti ərazisində yaşayan bütün xalqlar üçün çox əlamətdar və parlaq bayramdır. Ş.Şıxlinski bu tədbirdə fəal iştirak etmiş və təşkilatın fəaliyyətini yüksək qiymətlənmiş Sverdlovsk vilayətinin rəhbərliyinə çoxminlik Azərbaycan diasporu adından təşəkkürünü bildirib.

Xəbər lenti
0