BAKI, 7 sentyabr — Sputnik. "Təklif edirəm ki, cənab Vladimir Putin və monqol həmkarı Haltmaagiyn Battulgan ölkəmizdə güləşsinlər. Çünki onların hər ikisi cüdo üzrə qara kəmər sahibidirlər".
Sputnik Azərbaycan "News Week"-ə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Şinzo Abe Dünya İqtisadi Forumunun plenar sessiyasındakı çıxışı zamanı deyib. Şinzo Abe zalda iştirak edən Olimpiya Oyunlarının cüdo yarışları üzrə qızıl medalçısı Yasuhiro Yamasitoya görüşü təşkil etmək üçün müraciət də edib.
"Cənab Putinin cüdo üzrə qara kəməri var. Monqolustan prezidenti Haltmaagiyn Battulganın da həmçinin. Bəlkə onları Yaponiya Cüdo Federasiyasının xətti ilə dəvət edib qarşılaşmalarını təşkil edəsiniz?" — Baş nazir təklif edib.
Ş. Abe zarafatla, özünün qara kəmərinin olmadığını və zədə almaq istəmədiyini, ona görə də bu görüşü kənardan sakitcə izləməyə üstünlük verəcəyini deyib.