BAKI, 7 avqust — Sputnik. Rusiyanın ən zəngin insanlarından sayılan milyarder Roman Abramoviç və həyat yoldaşı Darya Jukova boşandıqlarını bəyan ediblər.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə cütlüyün birlikdə verdiyi açıqlamada bildirilir: "10 illik birgə həyatdan sonra biz boşanma ilə bağlı asan olmayan qərarı verdik. Amma yaxın dost, iki gözəl uşağın valideyni, eləcə də birlikdə başladığımız və inkişaf etdirdiyimiz layihələrin tərəfdaşı olaraq qalacağıq".
10 il birlikdə yaşayan cütlüyün Aaron Aleksandr (2009) adlı oğul və Leya (2013) adlı qız övladları var. Bu Roman Abramoviçin 3-cü evliliyi idi.
Biznesmenin məsləhətçisi Con Mann bildirib ki, Abramoviç və Jukova Moskvadakı "Qaraj" Müasir İnsənət Muzeyinin və Peterburqdakı Yeni Hollandiya adasındakı mədəni mərkəzin həmtəsisçiləri olaraq əməkdaşlığı davam etdirmək niyyətidədirlər.
Abramoviçlə Jukova 2007-ci ildə oliqarx ikinci həyat yoldaşı İrina ilə ayrılandan sonra görüşməyə başlayıblar. Biznesmenin əvvəlki nikahlarından iki oğlu və üç qızı var.