Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 29 iyul — Sputnik. Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində, fasilələrlə də olsa, cəbhədə hərbi əməliyyatların davam etməsi, təkcə cəbhəyanı ərazilərdə yaşayan insanlar üçün təhlükə deyil. Müharibə, eyni zamanda bu ərazilərdə Azərbaycanın tarixi abidələrini, mədəni irsini də tədricən məhv edir.
Şuşadakı Gövhər Ağa məscidi, Ağdamdakı Cümə məscidi, təkcə Azərbaycan üçün deyil, dünya tarixi üçün də önəmli əhəmiyyət kəsb edən Azıx mağarası sadə vətəndaşın tanıdıqlarıdır. Əslində isə belə tarixi abidələr həm cəbhə xəttində yerləşən rayonlarda, həm də işğal altındakı ərazilərdə yüzlərlədir.
Baxmayaraq ki, bu dəyərlərin qorunması üçün müxtəlif beynəlxalq təşkilatların konvensiyaları mövcuddur, lakin bu sənədlər də faktiki olaraq Ermənistanın Azərbaycan torpaqlarındakı tarixi abidələri məhv etməsinin qarşısını almır. Yaxın Şərqdə teror təşkilatlarının əli ilə dağıdılan tarixi abidələr kimi, Ermənistan da Azərbaycanın işğal altındakı torpaqlarında bənzər mədəniyyət nümunələrini separatçı rejimin vasitəsiylə məhv edir.
Hazırda cəbhəyanı rayonlarda bu sahədə ən böyük problemlərdən biri də tarixi abidələrin mühafizəsini təşkil etməkdir. Bunu, Sputnik Azərbaycan-a danışan Bərdə Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov da təsdiqləyir. Rayon ərazisində 24 tarixi abidə oluğunu söyləyən həmsöhbətimiz, bunlar arasında 1982-ci ildə tədqiq edilən, eramızdan əvvəl XII-IX əsrlərə aid Borsunlu kurqanlarının dünya əhəmiyyətli tarixi abidələr siyahısına salındığını bildirdi.
"Borsunlu kurqanları hal-hazırda təmas xəttində yerlşdiyi üçün bizim tərəfimizdə qorunması demək olar ki, qeyri mümkündür. Orada mütəmadi olaraq ermənilər təxribatlar həyata keçirir, bu da abidənin mühafizəsinin qarşısını alır. Elə buradakı Cümə məscidini götürək. 19-cu əsrə aid memarlıq abidəsidir. Birinci Qarabağ müharibəsi zamanı bura ciddi ziyan dəyib. Baxanda qəlpə izlərini görmək mümkünür" – deyə Gündüz Mürsəlov bildirdi.
Həmsöhbətimizin sözlərinə görə, ermənilər nəinki Azərbaycanın tarixi irsinə, maraqlıdır ki, hətta Tərtər rayonu ərazisində öz əlləri ilə ucaltıqları abidəyə də eyni münasibəti göstəriblər. Belə ki, 1978-ci ildə Tərtərin Şıxarx qəsəbəsində (Keçmiş Ağdərə rayonunun Leninavan qəsəbəsi), ermənilərin təşəbbüsü nəticəsində, 200 erməni ailəsinin İranın Marağa şəhərindən bu ərazilərə köçürülməsinin 150 illiyi münasibəti ilə "Marağa – 150" adlı abidə inşa edilib.
"1988-ci ildə abidə üzərindəki yazılar ermənilərin özləri tərəfindən dağıdılaraq silinib. Səbəb isə həmin abidənin ermənilərin bu torpaqların qədim sakinləri deyil, Türkmənçay müqaviləsindən sonra köçürüldüklərinin sübutu olmasıdır" — Gündüz Mürsəlov vurğuladı.
O, əlavə etdi ki, hərbi əməliyyatlar zamanı da Ermənistan silahlı birləşmələri həmin abidəni tamamilə dağıtmaq üçün bir neçə dəfə cəhd göstərib: "Birinci Qarabağ müharibəsində oranı dağıtmaq üçün birbaşa artilleriya silahları ilə atəşə tutublar. O zaman bizim ordu bunun qarşısını almışdı. İndinin özündə də ermənilər çalışırlar ki, hər cür təxribatla o abidənin varlığına son qoysunlar. Hal-hazırda dövlət tərəfindən həmin abidənin bərpası və abadlaşdırılması üçün işlər həyata keçirilir".
Bərdə Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon üzrə nümayəndəsinin sözlərinə görə, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün sözügedən abidənin bərpasına xarici ölkələrdən də mütəxəssilər dəvət olunub. Lakin görünən odur ki, münaqişə uzandıqca cəbhə xəttinə yaxın yerləşən bütün abidələrin təhlükəsizliyini tam təmin etmək mümkün olmayacaq.