BAKI, 17 iyul — Sputnik. Qarabağ probleminin nizamlanmasına dair konkret planın və onun həyata keçirilməsinin müzakirəsi Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə təmin olunmalıdır.
Bunu Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində deyib.
İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü keçirilib.
Minsk qrupu həmsədrləri görüşün yekununda verdikləri bəyanatda nazirlərdən xahiş ediblər ki, Azərbaycan və Ermənistan prezidentlərinə 2017-ci ildə görüşmək barədə təklifi çatdırsınlar.
"Görüşdə dövlət başçıları səviyyəsində görüşün keçirilməsi barədə təklif səslənib. Xarici işlər nazirləri öz növbələrində bu təklifi prezidentlərlə razılaşdırmalıdırlar. Görüşlər münaqişənin həlli prosesinin vacib elemenləridir" – Məmmədyarov bəyan edib.
Lakin nazirin sözlərinə görə, bu görüşlər görüşmək xatirinə keçirilməməlidir: "Əgər prezidentlər səviyyəsində görüş təşkil olunursa, fikrimcə, həmsədrlər tərəfindən təklif olunan münaqişənin nizamlanması planı və onun həyata keçirilməsini müzakirəsini təmin etmək lazımdır. Ona görə biz həmişə danışıqların substantiv xarakterli olmasını xüsusi vurğulayırıq".