BAKI, 17 iyul — Sputnik. Xəzərin hüquqi statusu ilə bağlı yekun sənəd 70-80% razılaşdırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu RİA Novosti-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O qeyd edib ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrup fəaliyyət göstərir və tərəflər arasında dialoq və qarşılıqlı anlaşma atmosferi mövcuddur, yekun sənədin isə 70-80%-i razılaşdırılıb.
"Xəzər dənizi bizi bölən yox, birləşdirən zənginliyimizdir. Müsbət amil odur ki, Xəzəryanı dövlətlər addım-addım, qüvvələrini birləşdirərək həllə yaxınlaşıblar" – deyə nazir bildirib.
Onun sözlərinə görə, baxmayaraq ki, hələlik hüquqi status müəyyən edilməyib, Xəzərin flora və faunasının qorunması, fövqəladə hallar, terrorizmlə mübarizə və digər sahələrdə əməkdaşlıqla bağlı hüquqi baza formalaşdırılıb.
"Bu baza bizə Xəzərin hüquqi statusunun tam müəyyənləşdirilməsi üçün əsaslar verir" – deyə Məmmədyarov əlavə edib.