BAKI, 12 iyul — Sputnik. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Riçard Hoqland (ABŞ) və Stefan Viskonti (Fransa) Azərbaycan və Ermənistan prezidentlərinə bu ilin sonunadək görüşməyi təklif ediblər.
Bu barədə Sputnik Ermənistan məlumat verir.
Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında ATƏT Minsk qrupu həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsü və iştirakı ilə növbəti görüş keçirilib.
"Həmsədrlər nazirlərdən prezidentlərə 2017-ci ildə görüş keçirmək barədə təklifi çatdırmağı xahiş ediblər" — görüşün yekunlarına dair Ermənistan XİN-in yaydığı məlumatda bildirilir.
Məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin irəliləməsi yolları müzakirə olunub.
Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün bu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilməsinə dair razılıq əldə olunub.